Layihə haqqında
“Arxstudiya XM” və “S.Modus” şirkətlərinin birgə əməkdaşlığı ilə layihələndirilmiş ərazi Maskat şəhərinin mərkəzi hissəsində yerləşir. Bu ərazi paytaxtın yeni inkişaf edən rayonudur. Həmin ərazidə “Çoxfunksiyalı Biznes Mərkəzi” planlaşdırılmışdır. “Çoxfunksiyalı Biznes Mərkəzi” təkcə biznes məkanı deyil, eyni zamanda yaşayış və istirahət üçün nüfuzlu bir yer kimi düşünülmüşdür. Bina funksional olaraq vertikal zonalaşdırılmışdır və 6-9 dəyişkən mərtəbələrdən ibarətdir. Yeraltı hissədə 320 yerlik avtodayanacaq və texniki sahələr planlaşdırılmışdır. 1-2 mərtəbələrində ticarət və istirahət sahələri yerləşdirilmişdir. 1-ci mərtəbə boyu insanların istirahəti üçün həm daxildə və həm də xaricdə yaşıl xiyaban təklif olunur. 3-9 mərtəbələrdə ofis sahələri, apartamentlər, restoranlar, konfrans və görüş otaqları nəzərdə tutulmuşdur. Apartamentlərin orijinal yerləşimi, onların şəhər mərkəzindəki əhəmiyyətli mövqeyi ilə yanaşı, eyni zamanda səs-küydən izolyasiya olunmuş və düşünülmüş funksionallığını təmin edir. Binanın forma quruluşunda və material seçimində iqlim tələbləri mühüm amil kimi qəbul olunmuşdur. Layihələndirilmiş ərazinin sahəsi 12958 m2-dır. Ərazinin forması uzunsovdur və “Madinat As Sultan Qaboos” küçəsinə perpendikulyar yerləşmişdir. Qərbdən, “3307 WAY” küçəsi tərəfdən binanın fasadı vizual olaraq başqa tikililərlə məhdudlaşmamışdır. Ərazi cənub tərəfdən qonşu sahələrlə məhdudlanmışdır. Nəqliyyat və dayanacaq problemlərinin tam həlli üçün bu sahələrin mənimsənilməsi nəzərdə tutulmuşdur. Bu ərazidə 15 mərtəbəli ofis binası təklif olunur.