EN   AZ   RU

Haqqımızda

Rəhbər haqqında

Arxstudiya XM” MMC respublikamızın memarlıq-tikinti quruculuğunda nüfuzlu yeri olan yaradıcı bir kollektivdir. Memar Xəlil Cəfərovun təsis etdiyi bu şirkət yarandığı dövrdən bu günə qədər bir çox maraqlı layihələrə imza atmışdır. “Arxstudiya XM” şirkətinin fəaliyyəti və nüfuzu hər zaman onun təsisçisinin peşəkar fəaliyyəti ilə bağlı olmuşdur.

Təhsili və pedaqoji fəaliyyəti
Xəlil Cəfərov memarlıq təhsilini 1984–1991-ci illərdə o zaman Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu adlanan ali təhsil müəssisəsinin memarlıq fakültəsində almışdır. 1991-ci ildə Səmərqənd şəhərində keçirilən Diplomantların Ümumittifaq Müsabiqəsində onun diplom layihəsi SSRİ Memarlar İttifaqının I dərəcəli diplomuna layiq görülmüşdür. “Səmərqənd şəhərinin tarixi mərkəzinin rekonstruksiyası” adlanan diplom mövzusunda, layihələndirmə və elmi araşdırma tələb olunduğundan bu sahədə əldə etdiyi ilk təcrübə onun sonrakı fəaliyyət istiqamətini müəyyənləşdirdi. 1992-ci ildən Xəlil Cəfərov təhsil aldığı institutun “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasında çalışmağa başlamışdır. O həmin dövrlərdə elmi və pedaqoji fəaliyyətlə yanaşı, həm də praktiki layihələndirmə işləri ilə də məşğul olmuşdur. Xəlil Cəfərov 1997–2001-ci illərdə memarlıq fakültəsində dekan müavini, 2006-cı ildə isə memarlıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Sonrakı dövrlərdə başqa müəssisələrdə çalışsa da, universitetlə əlaqəsini kəsməmiş, pedaqoji fəaliyyətini davam etdirmişdir. O bu gün də universitetin “Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrasının dosentidir. Bakalavr və magistr təhsil pilləsində mühazirə və seminar dərsləri aparır və bu fənlər üzrə hazırlanmış tədris-metodiki işlərin həmmüəllifidir.
Eyni zamanda buraxılış işləri, magistr dissertasiyalarına rəhbərlik edir. Memar Xəlil Cəfərov peşə fəaliyyətini təhsil və tədrisdən ayrı təsəvvür etmir. Onu çox zaman tələbə-memarların əhatəsində görmək olur. Təsadüfi deyildir ki, özünün rəhbərlik etdiyi kollektivdə çalışanlar sırasında universitetdə dərs dediyi gənc memarlar çoxdur.
Xəlil Cəfərov 1996-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür və bu təşkilatın tədbirlərində fəal iştirak edir.

Elmi fəaliyyəti
Memar Xəlil Cəfərovun elmi fəaliyyəti onun təhsil illərindən başlanır. Xüsusilə memarlıq fakültəsinin son kursunda oxuyarkən üzərində çalışdığı “Səmərqənd şəhərinin tarixi mərkəzinin rekonstruksiyası” diplom mövzusu, onun ilk ciddi elmi araşdırmalarının başlanğıcı oldu. Uğurla müdafiə etdiyi diplom işi onun gələcəkdə peşəkar memarlıq fəaliyyətini elmi sahə ilə birləşdirməyə təkan verdi. Universitetdə çalışdığı illərdə o, elmi fəaliyyətini davam etdirərək doktorantura təhsili almışdır. Tədqiq etdiyi “Naxçıvan Muxtar Respublikasının məskunlaşma sistemində şəhərlərin formalaşma xüsusiyyətləri” elmi mövzusunu 2003-cü ildə uğurla müdafiə edərək memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Xəlil Cəfərov praktik layihələndirmə işləri ilə yanaşı, elmi fəaliyyətini bu gün də davam etdirir. Müxtəlif tədbirlərdə, konfranslarda iştirak edir, elmi mətbuatda aktual məqalələr dərc edir.

Memarlıq fəaliyyəti
90-cı illərin əvvəllərində ölkəmizin memarlıq həyatında yeni inkişaf mərhələsi başlandı. Sovet İttifaqı tərkibində olarkən Azərbaycan ərazisində memarlıq fəaliyyəti ilə yalnız müxtəlif dövlət layihə institutlarında məşğul olmaq mümkün idi. Müstəqillik illərində yaranan yeni iqtisadi vəziyyət fərdi memarlıq fəaliyyəti üçün də geniş imkanlar açdı. Həmin illərdə layihə və dizayn kooperativləri yaranmağa başladı. Kafedrada çalışan Xəlil Cəfərov o zaman paralel olaraq institut nəzdində fəaliyyət göstərən layihə-konstruktor bürosunda və sonralar müxtəlif kooperativlərdə layihələndirmə fəaliyyəti ilə məşğul olmuşdur. Tikinti biznesinin daha geniş vüsət aldığı dövrlərdə, yəni 2001-ci ildə özünün ilk layihə şirkətini “Memarlıq və İnşaat” MMC-ni təşkil etdi. Həmin dövrdən başlayaraq onun rəhbərlik etdiyi şirkətdə müxtəlif təyinatlı bir çox layihələr hazırlanmış və reallaşdırılmışdır. Onların sırasında “MAN” Şirkətlər Qrupunun inzibati binası, Goradil qəsəbəsində Müdafiə Nazirliyi üçün istirahət mərkəzi, müxtəlif yaşayış və ofis binalarını göstərmək olar.

“Azərdövlətlayihə” illəri
Memar Xəlil Cəfərovun peşəkarlığı və təşkilatçılıq keyfiyyətləri diqqətdən kənarda qalmırdı. 2007-ci ildə o daha böyük bir kollektivə – 85 illik tarixi olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna direktor təyin olundu. Həmin dövrdə institutun vəziyyəti – maddi-texniki bazası, maliyyə və kadr imkanları yaxşı deyildi. Xəlil Cəfərovun işgüzarlığı, qətiyyəti, tələbkarlığı burada da özünü göstərdi. Rəhbərlik etdiyi dövr ərzində həmin müəssisə tam təmir olundu, maddi-texniki baza yenidən quruldu. Kadr bazası bərpa olundu, müəssisənin və işçilərin maliyyə gəlirləri artdı. Həmin illərdə institut kollektivi Xəlil Cəfərovun rəhbərliyi ilə bir sıra iri layihələrə imza atdı. Qeyd etmək lazımdır ki, Xəlil müəllim sadəcə olaraq direktor kimi deyil, eyni zamanda memar kimi layihələrin hazırlanmasında birbaşa iştirak edirdi. Belə layihələrə aşağıdakıları misal göstərmək olar:

– Bakı şəhərinin Şəfaət Mehdiyev küçəsində 20 mərtəbəli “Park Akademiya” çoxfunksiyalı yaşayış kompleksi;
– Taekvando İdman Federasiyasının istirahət-sağlamlıq mərkəzi;
– Göygöl şəhərində beşulduzlu mehmanxana kompleksi;
– Göygöl şəhərinin tarixi mərkəzinin rekonstruksiyası;
– Lənkəran şəhərində beşulduzlu mehmanxana kompleksi;
– Bakının Z.Xəlilov küçəsində “Renesans” yaşayış kompleksi;
– Gəncə, Sumqayıt şəhərlərinin baş planları;

Onun fəaliyyəti və uğurları, təbii ki, həmin illərdə də rəhbərliyin diqqətindən yayınmamış və qiymətləndirilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Xəlil Cəfərov “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Şirkət haqqında

Memar Xəlil Cəfərov tərəfindən 2014-cü ildə təsis edilən “Arxstudiya XM” MMC keçmiş illərdə fəaliyyət göstərmiş “Memarlıq və İnşaat” şirkətinin yaradıcılıq ənənələrini davam etdirir. Təcrübəli, peşəkar mütəxəssislərdən ibarət olan kollektiv qarşıya qoyulan istənilən tapşırığı tez və keyfiyyətlə yerinə yetirir. “Arxstudiya XM” kollektivi müxtəlif təyinatlı binaların, şəhər və başqa iri yaşayış məskənlərinin layihələndirilməsi, landşaft memarlığı və interyerlərin dizayn layihələrinin hazırlanması imkanlarına malikdir.Fəaliyyət göstərdiyi dövr ərzində kollektiv memar Xəlil Cəfərovun rəhbərliyi ilə bir sıra maraqlı işlər layihələndirmişdir. Bunlardan:

– “Pirallahı adasında Yüksək Texnologiyalar Parkı” layihəsini;
– Bakının Tbilisi prospektində “Club-house” yaşayış kompleksini;
– Sumqayıt şəhərində Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzini;
– “Bakı Metropoliteni” QSC-yə məxsus “Bilgəh” sağlamlıq mərkəzində hovuz kompleksini;
– Bakı şəhərinin H.Əliyev prospektində ticarət və əyləncə mərkəzi ilə birlikdə yaşayış kompleksini;
– Nizami rayonunda “7 Hills” yaşayış kompleksini;
– Ukraynanın Kiyev şəhərində 25 mərtəbəli yaşayış binasını;
– Şamaxı rayonu ərazisində istirahət mərkəzini və s. qeyd etmək olar.
“Arxstudiya XM” kollektivi eyni zamanda başqa layihə şirkətləri və memarlarla da əməkdaşlıq edir. Bir sıra layihələrin birgə əməkdaşlıqla işlənməsi uğurla nəticələnmişdir.